29 Mayıs 2011 Pazar

Türk kitabı. Unudulan tarix. Dəyişdirilən yer adları.

Aba Tura. Kuznetsk

      Aba Tura (müasir Kuznetsk) Kemerevo vilayətində (Rusiya) iri metallurgiya şəhəri. Tarixən Aba Tura yaşayış məntəqəsi Aba və Kondoma çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa, Taştakol, Abakan şəhərlərinə yol gedirdi. Indi həmin qədim yolla dəmir yolu xətti çəkilmişdir. Rusların Altay ölkəsi ilə tanışlığı XVII əsrdə baş vermişdir. Belə ki,  Tom sərkarı (voyevoda) yerli xan Ağ Kalmıkların sultanı Abakla münasibət qura bilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). 1617- ci ildə kazaklar Aba Turanı tutub, onu hərb qalası kimi möhkəmləndirirlər.

    Şəhərin adı Aba tayfasının adı ilə bağlıdır. Buranın yerli əhalisi Abalılar sayılırdı. Prof. Abdulkadir Donuk türk dövlətlərində istifadə edilmiş qədim hərbi ünvan və rütbələr barəsindəki tədqiqlərində Aba ünvanının Orxon abidələrində “baş komandan” mənasında işləndiyini göstərərək Kuman-qıpçaqlarda və oğuzlarda yayqin bir ad kimi qullanıldığından, hətta ayrıca Çindəki türk (uyqur) elçisinin Kül Buyrukun “Apa” ünvanı daşıdığından bəhs etmişdir.1. Aba Tura mənaca “Tura-dayanacaq, düşərgə, məskən; Aba Tura “abalıların şəhəri” deməkdir. Yağmaçı kazaklar şəhərin əsil adına etina etməyərək onu öz bildikləri şəkildə Kuznetsk adlandırırdılar. Çünki onlar buraya gələrkən Abalıları dəmirçi, mahir usta kimi tanımışdılar. Hərb qalası Aba Tura 1622-ci ildə şəhərə çevrilir. Belə ki, tezliklə bu ərazilərdə zəngin metal mədənləri olduğu məlum oldu. Bundan sonra şəhərin Aba Tura türk adı dəyişdirilərək Kuznetsk adı ilə (“dəmirçilər şəhəri” deməkdir) əvəz olundu. 2.   Şəhər 1932-ci ildən 1961-ci ilədək Stalinsk adı ilə yaşamışdır. Nəhayət Stalinin xatirəsinə qoyulmuş adların ləğvi kompaniyası ilə əlaqədar olaraq 1961-ci ildən şəhər özünün yeni adı- Novokuznetsk adı ilə məlumdur. Şəhərdə kömür, kimya, maşınqayırma və ağac emalı sənayesi inkişaf etməkdədir. Hazırda Rusiyanın ən böyük metallurgiya mərkəzlərindən biridir.



1. Abdulkadir Donuk. Eski türk devletlerinde idari-askeri ünvan ve terimler, İstanbul, 1988, s.2.

2.  Саттаров Г. Ф. Ойкономические термины со значением «город» и «село»

в истории татарского языка и топонимии.- Советская тюркология, 1988, № 1,с.47



Abaza. Soça. Soçi.

      Müasir Soçi Krasnodar ölkəsində, Qara dəniz sahillərində kurort şəhəridir. Bu qədim Abaza şəhəri gözəlliyi ilə məşhur olan səfalı Üç Dərə (Uç Dere) yaylağında yerləşir. 1829-cu ildə Ədirnə sülhü ilə  Rusiyaya keçən bu torpaqlar faktiki olaraq 1838-ci ildə Rus dövlətinə daxil olmuş, həmin ildəcə qəsəbəyə Aleksandriysk (rus taxt-tacının vəliəhdi şahzadə Aleksandrın şərəfinə;həmin il onun həddi buluğa- dolması bayram edilirdi) adı verilərək burada rus istehkam-qalası tikilir. O sonra Navaginski keşikçi postu adlanır. Burada kazak hərbi qarovul məntəqəsi yerləşirdi. Kirim müharibəsində Abaza  Rusiyanın əlindən çıxsa da, 1864-cü ildə yenidən ələ keçir və Daxovski kazak postu adlanır.1

      Bu şəhər tarixi Abaza torpağında yerləşir və adı yerli xalq olan abazalarla əlaqədardır.Abas~abaz xəzərlərdə və peçeneqlərdə nəsil adı olaraq göstərilir. Müasir abazalar Qaraçay-Çərkəzdə, Kabarda-Balkarda, Adıgöydə və Kislovodskda yaşayan müsəlman əhalinin adı kimi qəbul edilir.Abazalıların müəyyən hissəsi Qafqazın istilasında Türkiyəyə mühacirat etmişlər. “Abazalar müsəlmandır,”-deyə Övliya Çələbi bu yerləri gəzərkən onların etibarlılığı və səbatı haqqında yazmışdır: “kendilerine kafir desek, insanı katl  ederler, müselman desek, xoşlanıb severler”. Övliya Çələbi abazaların torpaqlarının da dəqiq hüdudlarını göstərir: Türkiyeden denize girib Gürcüstan sahillərilə bircə gün üzdükdən sonra Gürcüstan bitir, Fişe çayından Abaza diyarı başlayır.Onların torpaqları Anapa qalasına kimi uzanıb gedir.2. Tarix səhifələrində Abaza əsilzadələrinin bu adı nəsəb, soyadı kimi daşıdıqları müşahidə olunur.Osmanlı dövlətinin tarixinin tədqiqçilərindən biri olan alman alimi Hammerin yazdığına görə: 1769-cu il iyulun 17-də Xotin döyüşündə Abaza Mehmet paşa komandan idi.3. Şəhərin sonrakı yeni adı Soçi də abaza tayfalarından olan Soça adındandır.”Soça tayfası həmin limanda yaşayan Kıyı Abaza oymağına daxil idi”.4. Övliya Ata da özünün öz bəyi olan Soça tayfasından, onun əsgəri gücündən söz açır. Həm də Soça və Obur Elburus silsiləsinə daxil olan dağların adıdır. Şəhər həm də Soça çayının üstündə yerləşir.Yaxınlıqdan isə Mamayka, Buzuqa çayları axır. Soçi bağ-bağçalarını əzəmətli şümşad ağacları (rus dilində samşit işlənilir) bəzəyir. Soçi şəhərinin keçmiş Abaza adı tarixi, eləcə də ədəbi-bədii mənbələrdə yad edilir: Mən də cavanlıqda uzun müddət sizin Abazada qoyun otarmışam. (Q.Danilevski.”Qaçaqlar Novorossiyada”) Bundan başqa Sibirdə Krasnoyar (keç.: Kızıl Yar) diyarında Abakan çayı üzərində də Abaza şəhəri vardır.

        Bu yaxınlarda əski türk yurdu Soçidə böyük bir caminin inşasına başlanılmışdır.



1.Никонов В.А. Краткий топономический  словарь, М., Мысль, 1966, с.381, 391.

2.Evliya Çelebi. Seyahetnamesi, İstanbul, Üç Dal neşriyyatı, 1966, 1 c., s.463.

3.Baron J.Hammer. Büyük Osmanlı Tarihi, İstanbul, 1992, VIII c., s.434.

4.Fahrettin Kırzıoğlu. Osmanlıların Kafkas ellerinin fethi (1451-1590), Ankara, 1998, s.8.



Açıq Tura. Açinsk

Açıq Tura əvvəllər Yus çayının üzərində tatar kəndi kimi tanınırdı. Şəhərin adı“Açıq” türk etnonimi ilə bağlıdır. Belə ki, müasir xakasların köhnəlmiş adı Açıq tatarları olmuşdur.Yerli tatarlar isə hələ də öz şəhərlərinə Aşıq Tura deyirlər.

Geniş Sibir torpaqlarının istilasından sonra hərbi rəis Tuquçevski tərəfindən 1641-ci ildə Açinskiy adı altında hərbi qalanın əsası qoyulur. 1641-ci ildə indiki yerinə - Aqra dağları ətəyində Çulım çayının sol sahilinə köçürülür. Bu günkü Açıq şəhəri (Açinsk deyilir) Çulım və Tekmet (indi Tekmetka) çayları üzərində yerləşir. Bu zamandan bura Rusiyadan əhali köçürülməyə başlayır. 1782-ci ildə Açinsk qəza şəhərinə çevrilir.1. Elə həmin ildə də adı Açinsk şəklində rəsmiləşdirilir. Şəhər ətrafı çöllər Acı çölləri adlanır. Burada duzlu göllər vardır. Etimoloq M.N.Melxeev elə bunu əldə əsas tutaraq Açinsk şəhərinin adını acı “şor” sözü ilə (duzlu göllərilə) əlaqələndirməyə çalışır.2. Açıq Tura ərazilərindən üstü türk-runik yazılı heykəllər, digər maddi mədəniyyət nümunələri tapılmışdır.

Dəyişdirilərək ruscaya uyğunlaşdırılan belə türk yer adları öz əslindən uzaqlaşmış və get-gedə şəkil və məzmun cəhətdən də adaptasiyaya məruz qaldığından yer adlarıyla bağlı aparılan araşdırma işlərini də daim çətinləşdirməkdədir.Türk elminə böyük xidmətləri göstərmiş və böyük qəlb sahibi olan P.Melioranski 22 aprel 1906-cı ildə “Coğrafi adları öyrənən komissiya”ya məruzə edərək yerli türk adlarının xəritədə rus dilinə məxsus şəkilçilərlə yazılmasının məqsədəuyğun olmadığını göstərir.3. Rus imperiyasına ilhaq olunmuş ucsuz-bucaqsız türk ölkələrinin adlarının ucdantutma dəyişdirilməsi və ya saxtalaşdırılması prosesində həm də ruslaşdırılması onun diqqətini cəlb etmiş, bu cəfakeş alim ölüm yatağında olduğuna baxmayaraq Kazan, Ufa, Orenburq qəzalarının yer adlarının katoloqunu fəaliyyətdə olan həmin komissiyaya təqdim etmişdir.

      Qırğızıstanın dağlıq hissəsində Açıq Taş kəndi (indi Aleksandrovski) ərazisində Türk-runik əlifbalı yazılı daş var. Bu daşlar indi Ermitaj dövlət muzeyində saxlanılır. Çox şübhəsiz, Açıq Taş dedikdə yazılı daş, “kitabə” nəzərdə tutulur.



1.БСЭ  т.2.  с. 470; СЭС  с. 95.

2.Мельхеев М.Н. Географические имена, М., 1961,  с.13

3.Благова Г.Ф.  П.М.Мелиоранский и изучение тюркской топонимии. В кн.: Тюркологический сборник, 1972, с. 61.



Ada Kala. Orşa.

        Ada Kala (indi Orşa) müasir Belorusiyanın Vitebsk vilayətində şəhər. Vaxtilə Orşa (indiki Orşitsa) çayının Dnepr çayına töküldüyü yerdə möhkəm türk qalası olmuşdur.

Türk  hərbi məntəqəsi Ada Kalanın adı rus yazılı mənbələrində ilk dəfə 1067-ci ilə aid “Povesti vremennıx let”  səhifələrində cəkilir.1. (Qeyd: “Povesti vremennıx let” ümumrus əlyazmaları toplusudur; Kiyevdə 12-ci əsrin ilk onilliyində tərtib olunmuşdur. Onun əsas canını Lavrenti və İpatov salnamələri təşkil edir )

       Şəhərin adı həqiqətən onun təbii istehkam-qala görünüşü ilə bağlı idi. Belə ki, qalanın yeri hərbi – strateji baxımdan çox əlverişli sayılırdı. Orşa ilə Dneprin qovuşduğu yerdə- bu çayların hər iki tərəfdən qucduğu çayarası sahədə yerləşən və xilqətən alınmaz olan bu qalanı çaylar hər tərəfdən mühafizə edir, ona gələn yolları təbii şəkildə bağlayırdı. Arxadan – qurudan açıq qalan, sanki qorunmayan, lakin insan əlinə tapşırılan bu səmtdən isə qazılmış və su ilə doldurulmuş dərin kanal qalanı göz bəbəyi kimi qoruyurdu. Beləliklə, Ada Kala təbii, ilahi qüdrətiylə yaranmış belə bir adada qərar tuturdu. Adı da buradandır. Ada Kala öz zamanına görə möhkəm qala sayılır və təbii qala şöhrətini daşıyırdı. Dneprin (Uzu çayının) sahillərində belə bir qala mühüm əhəmiyyətə malik idi; ondan su yolu ilə Kiyevə və yuxarıya Smolenskə getmək mümkün olurdu. Orşa çayı ilə isə (onu sonradan Orşitsa adlandırdılar) Qərbi Dvinə, Vitebskə, Baltik dənizinə, Novqoroda çıxmaq olardı.

          1768-1774-cü illər Rus-Türk müharibəsinin gedişində 1772-ci ildə Ada Kala istila olunmuş və Rusiyanın idarəsinə keçmişdir. Həmin zamandan o üzərində yerləşdiyi çayın adı ilə Orşa adını daşıyır. Bu adın da qədim türk sözü Or “xəndək, kanal” sözündən yarandığı ehtimalı güclüdür.

      Osmanlılara məxsus daha bir Ada Kala (müasir Rumınya ərazisində) vardır. 1691-ci ildə yenidən inşa olub möhkəmlənən  Dunay sahillərindəki bu qala Dəmir Qapı boğazını nəzarətdə saxlayırdı.2.



1. Энциклопедический словарь Брокгауз и Eфрона, т.I, «А», с.384; Большая Советская Энциклопедия, т.18, с.544

2.  İslam Ansiklopedisi, I c., İstanbul, s.340



Ağ Baş

      Ağ Baş adında tarixi Qərbi Azərbaycan torpaqları olan, müasir Ermənistan ərazisində bir neçə kənd olmuşdur: Yuxarı Ağ Baş Qəmərli rayonunda (İndi Artaşat r.) kənd. Kəndin digər adı Xaraba Ağ Baş idi. Digər Ağ Baş kəndi (qışlağı) Allahverdi rayonunda (indi: Tumanyan r.) yerləşirdi. Aşağı Ağbaş kəndi də Qəmərli (Artaşat) rayonunda kənd adı olmuşdur. Kəndin indiki adı 1945-ci ildən Arevşatdır. 1.

          Məlum olduğu kimi qədim türk tayfaları üçün fərqləndirici əlamətlərdən biri onların geyimi olmuşdur. Odur ki, müxtəlif nəsil, soy, tayfa həmin bu geyimin bəzi səciyyəvi əlamətlərinə görə adlandırılmışdır. Yurdumuzun yer adları işərisində belə adlar xüsusi qat təşkil edir. Müqayisə edək: Ağ Köynək, Sarı Baş, Şişpapaqlı, Qara Donlu, Qara Dolaq, Yekəqurşaqlı, Alabaşlı və s.

          Ağ Baş adına gəldikdə deməliyik ki, qədim türk yazılı abidələrinin dilində, Ak Baş şəxsiyyət adı kimi də rast gəlinir. Böyük türk ellərinin coğrafiyası üzrə müşahidələrimizə əsasən deyə bilərik ki, Kırımda dəyişdirilərək itirilmiş türk yer adlarından biri də Ak Baş (indiki adı Vyaçeslavovka) adıdır. Bundan əlavəAk Baş (Türkiyədə Van bölgəsi) və Çelyabinsk vilayətində də (Rusiya) kənd adlarıdır. Neyva çayının (Yekaterinburq vilayəti) sol qolu Ak Baş (ka) çayı adlanır. Şəmkir rayonunda da (Azərb.) 1936-cı ilədək Ağ Başlı kəndi olub.

          Müasir Moldovanın paytaxtı Kişinev şəhərinin adı 1436-cı ilədək mənbələrdə Ak Baş Keşenev kimi qeyd olunmuşdur. 2. “Ağ Baş” adının məna dairəsi genişdir; Radlovun lüğətində (1,93) “Ağ Baş” həm də “qırxq, təmiz (pak) baş, tatarların (müsəlmanların təmiz qırxılmış başlarına işarədir” deyə adın etnoqrafik təbiətinin daha bir maraqlı cəhəti açılır.

Əlbəttə belə xarakterik və dolğun nümunələri qorumaq lazım idi; qədim ad xalqın yaddaşı, onun tarixinin, mədəniyyətinin vacib eleməntlərindən biridir. Xalqın yaşayış məntəqəsinin - yurdunun adına müdaxilə olunması onun tarixinə olan təcavüz kimi mənalandırılmalıdır.



1.Bayramov İbrahim. Qərbi Azərbaycanın türk mənşəli toponimləri, Bakı, Elm, 2002 , s. 30, 355

2. Дрон И.В. Является ли Кишинеу латинизмом или тюркизмом? - Советская тюркология, 1989, №1, с 85.



Ak Kirman. Belqorod Dnestrovskiy.

Ak Kirman tarixi Bucaq vilayətində şöhrətini bu günəcən daşıyan türk qalası olmuşdur. Indi müasir Odessa vilayətində liman şəhəridir. Şəhərin adı 1944-cü ildə Belqorod Dnestrovskiy ( “Dnestr üzərində ağ şəhər”) şəklində rus dilinə tərcümə edilərək dəyişdirilmişdir. Ak Kirman türk dillərində “Ağ Qala, şəhər” deməkdir, deyə rus etimoloqu Fasmer Radlova əsaslanaraq yazır ( Fasmer, 1.66; 2.224) . Qalanın ağ rəngdə olması ilə əlaqədar türklər şəhərə “Bəyaz Qala” da deyirdilər. Bu qalanın Xəzərlər zamanından möhkəm hərb qalası kimi mövcud olduğu məlum olur. Ilk mənbələrdə qalanın Burqas Kirman kimi də adı çəkilir. Qala bundan sonra Venesiya, sonra Genuya idarəsində olsa da, 1241-ci ildən Moğollar, daha doğrusu, Qərbi Türklər Ak Kirmana sahib olub onu bir türk limanına çevirdilər. Ak Kirman qalası, xüsusən XV əsrdən Sultan Bəyazidin və Kırımın igid xanı olan Mengli Gərayın zamanında ( 1438-1454-cü illərdə) əsaslı təmir olunmuşdur. Bu zamandan qüdrətli hərb qalası şöhrətini qazanmağa başlayır. Qala yüksək bir təpə üzərində salındığından lap uzaqdan ağappaq parlayır və büllur kimi bərq vururdu. “Onun kənardan seyrinə daldıq” – deyə Övliya Çələbi yazır. Səyyah 1658-ci ilin mayında Ak Kirmada olarkın qalada Mengli Gəray xan, Vaiz camisinin, Sultan Səlim camilərinin böyük vəqflərinin, Səlim xan mədrəsəsinin fəaliyyət göstərdiyini xəbər verir. Eyni təsviri biz başqa bir mənbədən də almış oluruq: “ Osmanlılar dövründə Ak Kirman hərb qalası 10 məhəllədən ibarət idi. Burada vaxtilə mükəmməl Osmanlı yadigarları olan Sultan Bəyazid Camisi, Mengli Gəray xan camisinin, Vaiz camisinin, Sultan Səlim xan camisinin, mədrəsələr, hamamların şəhərə süs və zinət verdiyi” göstərilirdi. 1. Qala 7 m  hündürlükdə, 5 m enində olan divarlarla və 21 m dərinliyi, eni 10 m olan xəndəklə əhatə olunmuşdur. Qala içəridə 3 hissəyə bölünmüş, hər hissə möhkəm hasarla dairələnmişdi. Qalanın hər biri min əfsanə doğurmuş  26 savaş qülləsi vardı. Baş darvazadan içəriyə “Qız qalası” qülləsi yüksəlirdi. Bu məşhur qalada heç vaxt olmayan adamlar belə onu tanımış olmalıdırlar. Sovet dövründə “Otello”, “Ağır qiymət bahasına”, “Gəmilər istehkama hücum edirlər” filmləi bu qalada çəkilmişdir. Şəhər 1770-ci ildə rus qüvvələri tərəfində ağır mühasirədən sonra işğal edilmişdir. Lakin Küçük Qaynarca sülhü şərtlərinə görə təkrar türklərə qaytarılmışdır. 1787-1791-ci illərin Rus-Türk müharibəsində general Potyomkin tərəfindən şəhər zəbt olunsa da, 1792-ci ildə Yaş (Yassı) sülhünə görə Türkiyəyə geri verilmişdir. 1806-cı ildə təkrarən ruslar tərəfindən zəbt edildi. I Dünya müharibəsində sovet qoşunları Ak Kirmanı təkrar işğal edib SSRİ-nin tərkibinə daxil etdi. Təkrar- təkrar rusların əlinə keçən və dağıntılara məruz qalan qala-şəhər hər dəfə əsl sahibinə qaytarılanda türklər onu əsaslı təmir etmişlər.  Nəhayət Ak Kirmanın birdəfəlik itirilməsi ilə nəticələnən son müharibədə Osmanlı tikililəri məhv edildi. Lakin qanlı döyüşlərdə dəfələrlə əldən-ələ keçən Ak Kirmanın bir neçə qatlı möhkəm divarlarının qalıqları hələ də onu seyr edənlərin heyrətinə səbəb olmaqdadır. 2.

Təxminən yaxın tarixdə dəyişdirilən şəhər- qalanın əsil türk adı elmi və bədii ədəbiyyatlarda saxlanılmaqdadır: Kutuzov feldmarşal Potyomkinə Ak Kirman altından-qanlı hərb meydanından 1791-ci il 14 fevral tarixli raportunda “Prutdan Dnestrə qədər olan məsafədə işlər yaxşı gedir, Ak Kirmandan Sulin çayının ağzınadək dənizdə heç bir gəmi görülmədiyini” göstərirdi. (Кутузов М.И. Письмо. Записки, М., 1989, с. 15 )  Rus şairi Puşkinin “Qaraçılar” poemasında qoca qaraçı:

Hədələmirdi hələ Dunayı moskal,

Qorxub çəkinərdik onda sultandan.

Bucağı idarə edirdi paşa,

Ak Kirmanın uca qüllələrindən

 və həmçinin Maksim Qorkinin, “İzerlgil qarı” hekayəsinin “Mən bu hekayəti Bessarabiyada dəniz sahillərində, Ak Kirman altında eşitmişəm” sözləri ilə başlaması bu tarixi adı və tarixi keçmişi canlandırıb yada salır.

 Ünlu türk alimi Akkirmani Mehmed Əfəndi bu şəhərdə yaşayıb yaratmışdır.3.



1.                            Pars Tuğlaçı. Osmanlı şehirleri, İstanbul, 1985, s.313

2.                            Советская Историческая Энциклопедия, т.2,  с.214

          3.  İslam Ansiklopedisi, 3 c., İstanbul,  s.270



Ak Meçet. Simferopol

Kırım vilayət mərkəzi. Bu gözəl yaşıl şəhər Salgir çayının sahilində elə yaşılca Çadır yaylasında yerləşir. Tarixi mənbələrdən aydın olur ki, eramızdan 3 əsr əvvəl burada skiflərin artıq parlaq mədəniyyəti meydana gəlmiş və bura müəyyən vaxt onların paytaxtları olmuşdur. Şəhərin cənub-şərqində skiflərin antik şəhəri yerləşirdi. Burada müasir şəhərin yaxınlığında, təqribən ondan 5 km aralıda Tunc dövrünə aid Qızıl Kurqan abidəsi vardır. Bu skif əyanın qəbridir. Kurqandan skif incəsənət nümunələri olan çoxlu qızıl əşyalar, üstü qızıl işləməli, eləcə də qızıl-gümüşə tutulmuş silahlar, daha qədim dövrlərlə səsləşən çoxlu sayda tunc ucluqlu oxlar və başqa ibtidai, lakin kamil silahlar aşkar edilmişdir. Sonralar er. əv. V əsrdə isə kurqanın tökmə hissəsində skif döyüşçüsü dəfn edilmişdir.

 Şəhər öz tarixi boyunca Kermencik qalası (Kermen-qala, Kermencik-kiçik qala, şəhərcik) adı ilə anılırdı. Daha sonralar, XV əsrdən başlayaraq bu qədim şəhər türk-islam ətri ilə süslənərək Ak Meçet ( şəhərdəki böyük ağ camiyə görə) adı ilə böyümüş, inkişaf etmişdir. Bu torpaqları gəzən Övliya Çələbi  Kırım adasının göbəyi sayılan, Nuh tufanından bəri təpəsindən qar əskik olmayan Çadır dağının ətəyində, verimli bir ovada yerləşən Ak Məscidin əslində Kırım vəliəhdlərinə mənsub olduğunu, vəliəhdlərin taxt mərkəzi sayıldığını xəbər verir.1.

1768-1774- cü illər rus-türk müharibəsində Ak Meçet şəhəri də istila edilir. Kırımın tam şəkildə Rusiya tərkibinə daxil edildiyi vaxtdan isə şəhərin adı dəyişdirilərək Simferopol adlandırılmışdır (1784). Fasmerin “Rus dilinin etimoloji lüğəti”ndə göstərildiyi kimi Simferopol yunanca “uğurlu şəhər” mənasını verir. (Bax: g.ə.III c., s.623) Lakin qədim yunanlar heç zaman burada belə qürurlu adlarla məskən salmamışlar. Nikopol “qələbə şəhəri”, Melitopol “arı şəhəri”,Sevastopol “möhtəşəm şəhər”, Xersones... Bu adları XVIII əsrin sonlarında qədim yunanlar yox, yunansayağı olsalar da müasir ruslar qoymuşlar.2.

Simferopol adı II Yekaterinanın bu torpağı yunanlaşdırmaq kimi istilaçı planı ilə bağlı idi. Ümumiyyətlə, “Yunan projesi” çox böyük, o qədər də həyasız plan idi. Hətta Yekaterina öz fikirlərində o qədər uzağa gedirdi ki, nəvəsi Konstantini Konstantinopolda (İstanbulda) əyləşəcək yunan hökmdarı olaraq görmək istəyirdi. (Л. Н. Толстой. Посмертные записки  старца Федора Кузмича) Kirimda başqa bir Ak Meçet qəsəbəsi də olmuşdur ki, 1944-cü ildə adı dəyişdirilərək Çernomorskaya qoyulmuşdur; hazırda inzibati rayon mərkəzidir. Simferopolda Kebir Cami məscidinin indi xarici görkəmi dəyişdirilib, burada cildləmə sexi açılmışdır. Qazaxıstandakı Ağ Məscid şəhərinin də 1925-ci ildən adı Qızıl Orda şəhəridir.



1.Evliya Çelebi. Seyahetnamesi, İstanbul, Üç Dal neşriyyatı, 1966, VII c., s.409, 602.

2.Л. Успенский. Слово о словах. Почему не иначе? c. 468



Ak Saka. Axaltsixe.

Ak Saka adı Dədə Qorqud dastanlarında bəhs olunan qədim yer adlarındandır: Məgər Başı Açuq Tatyan qələsindən, Aq Səqa qələsindən kafərin casusu vardı... Daha sonrakı tarix səhifələrində ondan X-XI əsrlərə aid qala kimi bəhs olunur. 1. Bir də yeri gəlmişkən qeyd edək ki, mətndə adı çəkilən “Başı Açuq” indiki Kutaisi ərazisinin Şərq mənbələrində rast gəlinən adıdır.

Budur, XI yüzillikdə Ak Saka-Cıldır mahalı Böyük Səlcüqlü dövlətinin tərkibindədir. 13-cü əsrdə isə Cənub-Qərbi Qafqazla birgə Çingiz xan və İlxanilər dövlətinə məxsusdur; 14-cü əsrdən bu yerlərdə Çobanilər, Cəlayirilər, Qaraqoyunlular hakimiyyət sürür. 15-ci əsrin axırlarından Ak Saka Osmanlı dövlətinin tərkibindədir; bu zamandan etibarən Azqur, Altunqala, İdə, Koblıyan, Qüzey, Güney və s. kimi  14 sancaqdan ibarət olan Ak Saka paşalığı güclü vilayətə çevrilir; möhkəm qalalar, məscidlər tikilir. 2. Səyahəti əsnasında Ak Sakadan keçən Övliya Çələbi yalçın qaya üzərində daşdan yonulmuş “Ahiska qalası”ndan danışır.

Ak Saka (yerli türklər öz şəhərlərində Ahıska (Akıska deyirlər) Ədirnə sülhünün (1829) şərtlərinə görə Rusiyaya keçən torpaqlarla birlikdə Osmanlılardan alındı. Vilayət mərkəzi Ak Saka olan Cıldır əyalətinə daxil olan Ardanıc, Artvin, Şavşat, Borçka, Yusif Eli isə milli hüdudlar içərisində qaldı.

1828-ci ilin avqust ayının 16-da Sərəsgər Mehmed paşanın komandanlığı altında türklərin igidcəsinə müqavimətinə baxmayaraq Paskeviç qalanı alır. Rusların əlinə keçdikdə üstündən dumanlar yüksələn bir xaraba halına gəlmişdir. Bu hücumda polkovnik Borodinin başçılığı altında vuruşan Şirvan alayı xüsusən fərqlənir. Qalanın idarəsi general Bebutova tapşırılır. Lakin məşhur Acarlı Əhməd  bəy qalanın itirilməsi ilə barışa bilmir və qalaya hücuma keçir. General Burtsev tələsik köməyə gəlir. Qala mühasirədən yalnız martda çıxa bilir. Bu vaxtdan başlayaraq Türkiyə ilə mənəvi bağları qırmaq məqsədilə bu şəhərə ermənilər köçürülür; bununla dərhal əhalinin tərkibi ermənilərin xeyrinə dəyişir. Tezliklə sakinlərin 10-dan 8-ni ermənilər təşkil edir. Belə ki, bundan 25 il sonra Kırım müharibəsi zamanı qalanın müdafiəsi general Andronikova həvalə olunur.

Ak Sakanın gözəl təbiəti vardır; bağları-bağçaları ilə məşhurdur. Şəhərin yaxınlığında Abaz Tuban kurortu (Indi Abastumani), Səfər yaylağı yerləşir. Səfər yaylağında vaxtilə şəhərin hakimləri olan atabəylərin bağları və sarayları var idi. Bu yaylaqlar Urabal çayı (Kür hövzəsi) üstündədir. Indi bu səfalı yaylaqlara can verən Urabal çayının adı dəyişdirilmişdir, çayın yeni gürcü adı Potskovi-Skali adlanır. Ak Saka ərazilərindən əqiq çıxarılır. Azərbaycan milli mətbuat tarixində mühüm yeri olan “Molla Nəsrəddin” jurnalını Mirzə Cəlillə birlikdə nəşr edən Ömər Faiq Nemanzadənin vətənidir. O həm də 1918-ci ilin martında “İstiqlal komitəs”inin üzvü olmuş, Nağı Şeyxzamanlı ilə məhz o Türkiyəyə diplomatik görüşə göndərilmişdir.



1.                 БСЭ т.2.  с. 458

2. Dr. M. Fahrettin Kırzıoğlu. Osmanlıların Kafkaz ellerinin fethi (1451-1590), Ankara, 1998, s. 209

3.Энциклопедический словарь Брокгауз и Eфрона, СП-б, 1898, т.2,      с.527



Ak Su. Beloreçensk.

Krasnodar ölkəsində şəhər.

...Qafqaz dağları silsiləsində başı həmişə qarla örtülü olan Oştan dağından buz kimi soyuq sulu çeşmələrdən öz mənbəyini götürən Ak Su çayı yolu üzərindəki qayaları, uçurumları qət edə-edə Kuban ovalığına yetişir, nəhayət yavaşıyır, öz tər-təmiz suları ilə bağları, bostanları seylab edirdi. Bu düzdə onun üzərində çayın adı ilə adlanan Aksu qəsəbəsi yerləşirdi. Aksu çayı keçən yüksəkliklərdən biri də eləcə Aksu keçidi (İndi Beloreçenskiy pereval) adlanırdı. Deyilənlərə görə uzaq keçmişdə qədim skiflərin Aksu aşırımdan keçən, Aksu çayı boyunca uzanan Maverayi Qafqazda hərəkət marşurutlarından biri keçirmiş.

Tarixi Aksu qəsəbəsi böyük keçmişə malikdir. Aksu kurqanlarından (qəsəbəyə çox yaxın olan ərazilərdə 53 zəngin Kurqan-onlardan 35-ində kişi, 18-ində qadın dəfn olunmuşdur) tapılan əşyalar bu torpaqlarda mövcud olmuş qədim mədəniyyət barədə mühakimə yürütməyə əsas verir. Sərdabələrdən əldə edilmiş qızıldan bəzək əşyaları qədim sənətkarların həqiqətən nümunəvi bədii yaradıcılığını sübut edir. Burada tapılmış məişət əşyaları, qabların çoxu qızıldandır; mis tabutda belə dəfn olunmuş sərkərdənin qəbri aşkar olunmuşdu. Kurqanların əksəriyyəti Qızıl Orda dövləti dövrünə aid edilir. Aksudan tapılmış qiymətli nümunələr Moskva Tarix Muzeyində, Dövlət Ermitajında ( Peterburq) mühafizə olunur.

Rusların bu yerlərə gəlişi 16-cı əsrin ortalarına təsadüf edir; daha dəqiq desək, ruslar bura ilk dəfə 1557- ci ildə ayaq basırlar. Astarxan xanlığını işğal edib ləğv etdikdən sonra İvan Qroznı dərhal bu torpaqlarda möhkəmlənməyi qarşıya məqsəd qoydu. Uzun illər bu fakt Qafqaz xalqlarının –çərkəz, adıgöylərin, kabarday, balkar, qaraçay.... xalqlarının Rusiyaya könüllü ilhaqı kimi daxil olmuşdur.

...1791 – ci ildə Rus-Türk müharibəsinin bitməsi ilə bərabər Kubanın dağ ətəyi düzənlik sahillərinə köçürülmələr başlanır. Ilk dəstə olaraq buraya kazak ailələri köçürülüb yerləşdirilir. Zaporojye Seç qurumunu ləğv edən II Yekaterina və sevimlisi baş komandan knyaz Potyomkin yenicə bitən müharibədə canfəşanlıq göstərmiş kazak birliklərini mükafatlandırmaqda idilər. Köhnə Aksu kəndindən azca aralıda möhkəmləndirilən yeni kazak qalasına çayın adının tərcüməsi ilə “Belaya” adı verdilər. 1862 – ci ildə isə keçmiş qalanın yerində Beloreçensk staniçsası salınır.1. və 1958 – ci ildə qəsəbə şəhərə çevrilir.

Aksu kurqanlarının kəşfi günümüzdə də davam edir. 70 –ci illərin axırlarında Beloreçensk (Aksu yaxınlığında) kanal qazıldığı zaman bürünc dövrünə aid kurqan aşkar edilmişdir. Öz döyüşçü geyimindəcə dəfn olunmuş (onun qəbri staniçanın tən ortasında yerləşirmiş) hərbçinin məzarı quyu qazarkən üzə çıxarılmışdır. 2.

Yerli tarixlə əlaqəsi olmayan, artıq 200 ildən bəri bu ərazilərdə köçüb yaşayan “gəlmələr” hələ də işğalçı kimi bu torpaqların tarixinə etinasız və soyuq münasibət bəsləməkdədir; tarixi abidələr adi təsərrüfat ehtiyacı üzündən  məhv edilməkdədir. Yenə hündür mərtəbəli bina özülü qazılarkən açılan kurqandan tapılan orijinal əşyalar Aksu yaşayış məntəqəsinin özünün kiçik miqyasına sığmayan geniş və dərin tarixindən söz açır.

1.                            БСЭ, т.3, с. 125

2.                            Е. Кламвоцкий. Белореченск, Краснодар, 1981, с.11



                                        



Ak Tura. Axtırka

Ak Tura, yəni müasir Axtırka Sum vilayətində (Ukrayna) şəhərdir. Şəhərin tarixi ilə bağli onu demək mümkündür ki, məntəqə haqqınra ilk məlumat VIII əsrdə “türk yurdu” kimi verilir. Qala qıvrıla-qıvrıla axan Ak Tura çayının bir həlqə kimi qıvrıldığı yerdə salındığından  onun mövqeyi çox əlverişli sayılırdı və ətrafdakı göllər onun müdafiə qüdrətini artırırdı. 1641-ci ildən Osmanlı dövlətindən Reç Pospolitaya, 1647-ci ildə isə ruslara keçmişdir. 1707-ci ildə I Pyotr bu diyarın hərbi vəziyyətini öyrənmək üçün Ak Turada olmuşdur.

Kırımın türk yer adları içərisində də Ak Tura (iindiki adı Yemelyanovka) adlı yaşayış məntəqəsi adı olmuşdur. Kuban diyarında (indiki Krasnodar vilayəti) eyniadlı qəsəbə  vardır.1. Ak Tura öz adının mənaca izahına görə çox şəffaf bir toponimdir. Türk dillərində Ak Tura “Ağ qala” mənasına müvafiq gəlir. Sibirin türk yer adlarını araşdıran Valeev tarixçi Millerə əsaslanaraq tura sözünün türk dillərində “möhkəmləndirilmiş yaşayış məntəqəsi, “qala” mənasını göstərir.2.

    Rusiyanın hərb tarixində, ədəbi-bədii əsərlərdə tez-tez rastlanan şan-şöhrətli alaylar içərisində Axtır alayı tarixdə bu türk adını yaşatmaqdadır.

Moskvaaltı ərazilərin türk adları içərisində də bu ada rast gəlinir: Moskva ətrafı yüksək təbəqəyə mənsub olan malikanələr içərisində məşhur Abramçevodan azca aralıda yerləşən Axtırka kəndi məşhur boyar soyu olan Trubetskoylara məxsus olmuşdur. Trubetskoylar bu adı vaxtilə Rus-Türk müharibələrindən, daha doğrusu, Ak Tura döyüşlərindən bir xatirə olaraq gətirmiş, ata mülklərinə onun adını vermişlər. Axtırka adlanan malikanə fövqəladə dərəcədə gözəlliklər qoynunda yerləşirdi. Onun qarşısındakı gölməçə o qədər şairanə və ilhamverici idi ki, rəssam Vasnetsov öxünün məşhur “Alyonuşka” rəsmini gölcük kənarındakı sıx qamışlıq arasında , xəlvəti bir guşədə o hüznlü qızı burada çəkmişdi.3.



1.                                           Советский Энциклопедический Словарь, M., 1987, с.94

2.                                           Валеев Б.В. О топонимии Сибирских татар- Сов. Тюркология, 1989, № 2, с.51.

3.                                           Подмосковье. Памятные места в истории русской культуры 14-19 веков, М., 1955, с.260.



Aktıyar. Sevastopol.

               Aktıyar və ya Akyar 1783-cü ildən Sevastopol; Kırım  vilayətində (Ukrayna) şəhər. Artıq 1768-1774-cü illər Rus-Türk müharibəsi Türkiyənin Kerç, Yeni qala, Kıl Burun hərb qalalarını və Qara dəniz sahillərinin xeyli hissəsini itirdiyi Küçük Qaynarca sülhü ilə başa çatmışdı. Rusiyanın əldə etdiyi bu yeni torpaqlarda istilaçılara qarşı xalq həyəcanları şiddətlənirdi. Müharibədən məğlub çıxsa da, xalq yadellilərin boyunduruğu altına düşmək istəmirdi. II Yekaterina Kırım və Kubandakı rus qoşunlarının komandanı Suvorovu qəzəb və nifrətdən çalxanan bu torpaqlara səfərbər etdi. Bu həyəcanlarını yatırtmaq, yerli xalqları ram edib susdurmaq üçün ruslara güclü qala və hərbi liman lazım idi. Suvorov sıldırımlı sahilləri, ağ təbaşir daşlı yarğanların üstündəki Axtiyar kəndinin və böyük buxtanın üstünlüklərini dərhal qiymətləndirə bildi. Odur ki, 1783-cü ilin aprelində Kırım tamamən Rusiyanın əlinə keçdikdən sonra II Yekaterina Kırımın hakimi general Q. A. Potyomkinə “indiki Aktiyarın yerində böyük Sevastopol qalası tikməyə dair” göstəriş verdi.1. Yekaterina artıq Kırımın adının belə dəyişdirilməsinə, Tavriya adlanmasına dair sərəncam göndərmişdi, öz sevimlisi Potyomkini də “Knyaz Tavriçeski” şöhrətli titulu ilə mükafatlandırmışdı.  

Tarixi əsərlər öz səhifələrində yerin əsl türk adını saxlamaqdadır: Kırımda qoşuna komandanlıq edən A. V. Suvorov Aktiyar buxtasını sahilində batareya qurmaq üçün əmr verdi. (A. M. Andruşenko. Admiral Uşakov) Yazıçı kitabın bu adla bağlı şərhində yazırdı: Axtıyar buxtası sahildə yerləşən kiçik tatar kəndinin adı ilə adlanırdı. Axtiyar tatarca “Təbaşir daşlı ağ yarğan” deməkdir. Daha sonra buxta da Sevastopol adı ilə adlandı. Oleq Mixaylovun “Suvorov” tarixi romanında oxuyuruq: “Kırımın özündə sakitlik idi, amma Aktiyarda, gələcək Sevastopol reydində hələ də türk gəmiləri durmaqda idi.” Yaxud, “Kırıma nümayişkaranə səfəri zamanı ikinci Yekaterina Avstriya imperatoru II İosif və xarici səfirlərlə 1787-ci ildə Aktiyara gəldi.”

1796-cı ildə hakimiyyətə gəlmiş rus çarı I Pavel hər bir sahədə olduğu kimi bu işdə də anası II Yekaterinanın əksinə getdi. Sevastopolun Aktiyar kimi əski şəkildə adlandırılmasına fərman verdi. (1797) Təxminən 30 il sonra hakimiyyətə gələn və bütün dövlət işlərində o cümlədən imperiyanın işğalçılıq istiqamətindəki tədbirlərində nənəsinin təcrübəsinə əsaslanan və onu təqdir edən I Nikolay (1825-1855) 1826-cı ilin aprelində Sevastopolun Aktiyar deyil, həmişəlik Sevastopol adlandırılmasına qərar verdi.

Sevastopolda istehkamlar, kazarmalar, Rus-Türk müharibəsində ölmüş rus əsgərlərinin dəfn olunduğu “qardaş məzarlığı” bu qanlı istilanın yadigarları kimi durmaqdadır. Bu torpaqlara yunan adlarını yamamaq istilaçı idealogiyanın əsil hədəfi idi. Əlverişli miflər işə düşürdü. Mədəni adamların tarixi həqiqətləri bir yana buraxıb mənfəət və maraq sezilən “miflərlə” məşğul olması köklü istila taktikasıdır. Şəhərin yunanca adı Sevastopol Kırımı yunanlaşdırmaq kimi qorxulu məqsədlə bağlı olan “süni addır” deyə Maks Fasmer yazarkən bu adın bu yerlə, xalqla, bu xalqın tarixi ilə səsləşmədiyini nəzərdə tuturdu. Bu uydurma vaxtı ilə Xəzər dövətinin süqutundan sonra Kırıma (daha doğrusu sahillərinə, ticarət əhəmiyyətli limanlara) sahib çıxmış yunan kolonizatorlarının bu torpağın əsl sahibi olmalarına elmi dayaq yaratmaq məqsədləri ilə bağılıdır. Sevastopol- Sebastos “təzimə, səcdəyə layiq, müqəddəs; pol- “şəhər sözlərindən yaranmışdır. “Lakin qədim yunanlar burada heç vaxt belə vüqarlı ada layiq şəhər salmamışlar” deyə Lev Uspenski yazırdı.2. Bu torpağın hər qarışı öz köksündə Qızıl Qobu və skif mədəniyyəti izlərini hifz edib saxlayır. Şəhərin ətrafının türk adları-Balaklava, Tarxanqut, Temiryük və s. adlar keçmiş türk abi-havasını saxlayan və təsdiqləyən faktlardır.



     2.  Валерий Ганичев. Ушаков, ЖЗЛ, М., Молодая Гвардия, 1990, с.152.

1.                 Лев Успенский. Слово о словах. Имя дома твоего, Лениздат, 1967, с.36.





Ala Buqa . Elabuqa.

      Ala Buqa müasir Tatarıstanda Kama çayı üzərində şəhər. Vaxtilə Volqa-Kama Bulqarıstanının baş şəhərlərindən olmuşdur. Qədim bulqar şəhəri Ala Buqa (Radlov 1,362) müasir Elabuqadan azca aralı, Toyma çayı üzərində yerləşirdi. Qala X əsrdə bulqar xanları tərəfindən ucaldılmışdı. Ala Buqa qəsri vaxtilə möhtəşəm olan Volqa-Kama Bulqarıstanının xarakterik abidələrindəndir. Hazırda həmin yerdə əski şəhərin xarabalıqları – möhkəm qala divarları qalıqları, hətta bütöv bürclər durmaqdadır. O qədim mədəniyyət ocaqlarından olmuşdur; Ala Buqa yaxınlığında qədim məzarlıq (müasir adı Ananiyev deyilən ərazidə) aşkar edilmiş qədim qəbristan XIX əsrin ortalarında öyrənilmişdir. Abidələrin öyrənilməsi nəticəsində məlum olur ki, burada eramızdan əvvəl VII-III əsrlərdə yüksək mədəniyyətə sahib adamlar yaşamışlar. Tədqiqatçılar onları müasir udmurtların, komi-zıryanların ulu babası zənn etmişlər.1.` Müasir Elabuqa şəhər adı tarixi Ala Buqa  adının rus dilində təhrif olunmuş şəklidi. Qüdrətli Qızıl Orda xanı Məhəmməd Özbək xanın (1312-1342) titulu (və ya ləqəbi) Ala Buqa olmuşdur. Bir sıra rus salnamələrində də Özbək xanı belə adlandırırdılar .2. Baskakovda da buna aid işarələr vardır: Albuqa ~ Olbuqa şəxs adı; qadın xətti ilə rus knyazları ilə qohumluq münasibətində olan Poloves xanlarından birinə məxsusdur.

Lakin bununla yanaşı şəhərin adının mənası sadəcə tatarca balıq adı (“okun”) və ya “pestrıy bık” olan “Alabuqa” şəxsiyyət adından yarandığını deyənlər vardır. (Fasmer M. 1,13) Həmçinin Qırğızıstanın yer adlarını tədqiq edərkən K. Konkobayev həmin ərazidəki Ala Buqa (Ala Buka) yer adının tərkibindəki buğa, buka sözünü “çöl, bozqır” deyə mənalandıraraq rus dilindəki türk mənşəli sözlərdən olan “buqor” türkizmini də həmin sözlə əlaqələndirir. 3. Türk əsilli rus soyadlarının tarixinə dair monoqrafik əsərində Baskakov qədim türklərdə Ala Buqa ləqəbinin əslində tatar və digər qıpçaq dillərində “qəhrəman, güclü buğa” (rus adaptasiyasında Ala Buqa ~Al Buqa) mənası daşıdığını göstərir.4. Təbii ki, qədim türklər , türk bəyləri, el başçıları öz güclərini (əlbəttə, eyni dərəcədə həm fiziki, həm də mənəvi) göstərmək məqsədilə güclu heyvanların adlarını mənimsəyirdilər. Tobol quberniyasında da (Kurqan qəzasında) vaxtı ilə iki Ala Buqa kəndi olmuşdur. Bejetsk yaxınlığındakı Alobuqino kəndinin, həmçinin Qazaxıstandakı Ala Buqa çay adı da bu ad və adın daşıdığı mənayla bağlıdır.





1.                 В.М. Мансуров. История нашего края, Вятка, 1969, с. 39.

2.                 Э С т.1, с.347

3.                 Конкобаев К. Топонимия Киргизии, с. 77

4.                 Баскаков Н.А. Русские фамилии тюркского происхождения, Баку, Язычы, 1992, с.155



Anapa – Yenilməz türk qalası.

        Anapa – müasir Krasnodar ölkəsində liman şəhəridir. Qara dənizin şimal qərb sahilində yerləşir. 1475-ci ildə artıq güclü türk hərb qalası kimi məşhur idi. “Qala hünərli mühəndis əlindən çıxmışdır,”- deyə Övliya Çələbi qürurla qeyd edir. Tarixən ilk adı Buqur qala (Buqur çayı üzərində salındığına görə) olmuşdur. 1. Bir neçə dəfə Anapada olmuş Övliya Çələbi bu qədim torpağın öz dürrü-gövhəri ilə məşhur olduğu barədə yazır.: Anapa limanında bir çeşid incilər çıxarılırmış; geniş bir təpə üzərindəki bu qalanı sarayının divarı , döşəməsi buradan çıxan ləl, yaqut, sədəf, əqiqlərlə bəzəndiyinə görə qalaya “Qalayi-gövhər” deyərmişlər. Tarixdə də bu şəkildə yazılmışdır. Qala Abaza ilə Çərkəz torpaqlarının hüdudunda sərt bir qaya üzərində yerləşir. Qalanın şimal tərəfi Anapa dağlarıdır. Qara dənizdən Azaka (Azov dənizi) gedən gəmilər bu dağları səmt tutub gedərdilər. Ulu dağlardır. Qalanın qapalı böyük bir limanı var ki, Qara dənizin heç bir yerində (Balaklavadan başqa) belə bir liman yoxdur. Qaladan xaricdəki yaşayış yerinin adı Kabak kəndi idi. 2.

Çar höküməti onu başa düşürdü ki, Qara dənizi rus dənizinə çevirmək üçün onun sahillərini də ələ keçirmək lazımdır. Bu zaman Qara dəniz xəttinin Gəlincik, Anapa qalası, Kuban çayı sahili boyunca Qafqaz vilayətləri sərhəddinədək olan torpalqlar təşkil edirdi. Anapa Rus-Türk müharibəsi gedişində 1781-82 –ci illərin şətin döyüşlərində özünün yenilməz türk qalası şöhrətini təsdiq etdi. Belə ki, 1782- ci ildə ruslar bütöv Kırımı ələ keçirsə də Anapa və Sucuk Qalanı ala bilmədilər. Anapa birinci dərəcəli hərb qalası idi. 1788- ci ildə Rus- Türk müharibəsi gedişində Potyomkin general- anşef P.Tekelliyə Anapa və Sucuk Qalaya hücum etməyi tapşırsa da, belə qalaların rus gücünə yenilməyəcəyini görüb dayandılar. 3. 1790-cı ildə məşhur general Bibikov yüksək komandanlığın icazəsini gözləmədən ləl-gövhər kanı Anapaya hərəkətə kecdi və düz bir ay Anapanı mühasirədə saxladı. Itkiləri o qədər çox idi ki, çar höküməti onu yersiz cəsarəti üstündə cəzalandırdı. 1791-ci ildə rus ordusu general Qudoviçin rəhbərliyi altında Temişbekdən hərəkətə başlayıb Anapaya hücuma kecdi. Onunla yanaşı Zaqrajski, general Şits də hücumda iştirak edirdi. Anapa qalasının qarnizonuna igid Mustafa paşa rəhbərlik edirdi. Qafqazı müqəddəs müharibə meydanı elan edən, müsəlmanları cihada çağıran Şeyx Mansur da onunla idi. Qala divarları təməlinə qədər yerlə yeksan edilmiş, şəhər yandırılmış, Anapanın 15 minlik müdafiəçiləri və dinc xalq qılıncdan keçirilmişdi, öz vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə Anapa sərəsgəri Sarı Abdulla paşa edam edildi. Bu son döyüşdə Qafqaz milli- azadlıq hərəkatı başçısı Şeyx Mənsur ruslara əsir düşmüş Peterburqa aparılıb Şlisselburq qalasında edam edilmişdir.4.  

Lakin Yassı sülhünə görə (2 yanvar 1792) Kuban nəhrinin işğal olunmuş sol sahillərilə birlikdə Anapa da geri qaytarıldı. 1807-ci ildə admiral Pustoşkinin başçılğı altında rus eskadrası qalanı ələ keçirib divarlarını, silah anbarlarını partlatdılar. Qaladakı 80 su quyusunu lazımsız çuqun silahlarla basdırıb, bir çoxunu da partlatdılar. Qaladan heç nə qalmadı. Sağ qalan adamların sayı 20 idi. Tezliklə Anapa  təkrar türklərə keçdi. Onlar gecə- gündüz bilmədən çalışıb qalanı əvvəlki halına gətirib, bərpa etdilər. 1809-cu ildə rus desantı yenə Anapanı ələ keçirdi. Lakin əldə saxlaya bilmədi. Orada bir qarnizon qoyub çəkildi. 1812-ci il müqaviləsinə görə Osmanlı dövlətinə geri verildi.

1828- ci ildə Anapaya 6-cı yürüş başlandı; 40 il idi ki, onun uğrunda döyüşlər gedirdi. Bu dəfə düşmənin planı, da əməli də qəti idi. General Menşikov  və polkovnik Perovskinin qüvvələri tam 41 gün qalanı topa tutdu. Yerli türk və çərkəz qüvvələrinin başında acarlı Seyyid Əhməd paşa durmuşdu və bu hünərli sərkərdə çətin hücumları mətanətlə dəf edirdi. Temirük bəy qala xaricində müdafiədə durmaqla ona dəstək olurdu. Qarnizon rəisi isə Çatır Osmanoğlu idi. Anapa paşası vəziyyətin çıxılmaz olduğunu görürdü; qala 1828-ci il iyunun 13-də istila olundu. Yazıçı A. Qriboyedov (Rusiyanın İranda fövqaladə və səlahiyyətli səfiri) naşir F. Bulqarinə Stavropoldan göndərdiyi 28.06.1828 –ci il tarixli məktubunda müjdə olraq xəbər verirdi: ”Anapanın alınmasına əsil patriot kimi sevinirəm” və dərhal da döyüş meydanlarnda başlarını qoyan Kubanlı və dağlı müsəlmanların inadla müqavimət göstərmələrindən heyrətlə söz açırdı. Bununla Rusiya o vaxtlar üçün birinci dərəcəli sayılan türk qalası Anapanı tutaraq Qara dəniz sahillərinin strateji açarına sahib ola bildi. Anapa Ədirnə sülhü şərtlərinə görə Rusiyaya verildi. Bundan sonra dərhal bu qədim türk müsəlman şəhərinin xristianlaçması işinə başlanılır. Bu mıəqsədlə buraya ruslar, ermənilər köçürülür. 1846- cı ildə qala tezlikə şəhərə çevrilir. Çox keçmir ki, şəhərin ticarəti ermənilərin əlinə keçir.

Anapanın alınması rus müstəmləkəçiliyi tədbirlərində əhəmiyyətli nöqtə idi. Anapa yürüşünə görə “ Za vernost”  ( sədaqətə görə) medalı buraxılır. 1830-cu ildə gözəl Qaqra şəhərini tutmaqla isə çərkəz qəbilərinin ardıcıl istilası başlayıtr. Puşkin 1829-cu ildə Ərzuruma səyahəti zamanı “Yol Qeydləri”ndə yazlrdı: çəkəzlər bizə nifrət edirlər. Biz onları geniş otlaqlardan sıxışdırmışıq. Onların aulları talan edilmiş; bütöv qəbilələr məhv edilmişdir. Onlar get-gedə saatbasaat dağlara çəkilir, orada basqınlarını gücləndirirlər.

1830-cu ildə Anapanın yeni sakinlərlə məskunlaşdırılması sürətləndirildi. Boşaldılmış şəhərə köç başlanmışdı. Anapanın sağ qalmış 4 min dinc sakini Rusiyanın içərilərinə sürülmüşdü. Anapa bu vaxtacan bir Şərq şəhəri idi. Onun elə küçələri vardı ki, burada iki atlı yan-yana gedə bilməzdi. Məhəbbəti. ünsiyyəti, qonşuluğu üstün tutan bu qocaman müsəlman şəhəri sökülür, geniş küçəli kilsəli şəhərə çevrilirdi. Kırım müharibəsi başlanarkən ruslar Anapanı dağıdıb oranı tərk edirlər.Sonrakı illərdə (1860) imperiya sərhədləri irəliyə doğru genişləndikcə Anapa strateji əhəmiyyətini, yəni sərhəd olmaq funksiyasını da itirir.

Anapa Azərbaycan Dövlət Teatrının görkəmli artisti Əbülhəsən Anaplının ana vətəni olmuşdur. Onun babaları Anapadan qaçarkən Qubaya gəlib məskunlaşmışlar. Anaplı özü isə 28 yaşında 9 nəfər sənətkar yoldaşı ilə birlikdə Qarabağda konsert verdikdə gecə qaldıqları Keşiş kəndində başları kəsilmişdi. Sovet quruluşunun ilk günləri idi.



1.                 Никонов В.А. Краткий топономический словарь, М., Мысль, 1966, с.24

2.                 Evliya Çelebi . Seyahetnamesi, I-II c., s. 472

3.                 Кругликова К. Т. Анапа 2500 лет, Краснодар, 1987, с. 44

4.                 M. Sadık Bilge. Osmanlı devleti ve Kafkasya, s.152



Axtaçı

         Ermənistanda tarixi Axta adı Çarensavan adı ilə, Axtaxana Dzorostan, Aşağı Axta  Hrazdan şəhəri adı ilə əvəz olunmuş, Axta Çul isə ləğv edilmişdir.

Azərbaycanda (Gədəbəy r.) Axtaçi Yekəqurşaqli (yeni adı sadəcə Axtaçı) adının əlavəsi olan Yekə qurşaqlı Axtaçı tayfasının böyük bir qolunu təmsil etməklə Azərbaycanda padarların güclü bir tirəsi olan Axtaçıların özünün böyüklüyünü ifadə edirdi. Təəssüf hissilə qeyd etməliyik ki. belə lazımi etnoqrafik dəyərə malik olan adı lüzumsuz bir əlavə kimi tarixdən silmişlər. Yurdumuzun köksündə bundan başqa Axtaçı Şirvan, Axtaçı Muğan, Axtaxana, Axtaçı yaşayış məntəqələri adları yaşadılmaqdadır. Axtaçı Urmiyə gölü (Cənubi Azərbaycan) güneyində bölgə adı 1,Kırımda Kır Aktaçı (indi: Darevka;kır-ağacsız yer,tala,çöl), Küçük Aktaçı (indi: Kulikovka), Aktaçı Kaban (indi:Volnoe), Aktaçı (indi:Furmanovka), Buzav Aktaçı (indi:Urojaynoe) kimi adları daşıyan məntəqələr olmuşdur.

Axtaçılar türk tayfalarından biri kimi bəzi ərazilərdə hələ də öz tayfa müstəqilliyini saxlamaq səviyyəsindədir: ”Axtaçılar Tyan-Şan dağlarının ətəklərində yaşayan qırğızlarda və hazırda Özbəkistanın Fərqanə vilayətindəki qıpçaqlarda bir tayfadır.2. İndi Fərqanə vilayətindəki Axtaçı kəndinin adı həmin tayfadan bir təzahürüdür.

Bu adın bu qədər geniş ərazilərə yayılması onun areal toponimlər cərgəsinə aid edilməsinə şərait yaradır.Türk xalqlarının böyük ana yurdunda səpələnmiş belə paralel adlar türk coğrafiyasının davamlılığını, geniş arealın özünün əlaqədarlığını; türk xalqlarının sürətli və böyük miqrasiyalarının nəticələri olaraq isə onların malik olduğu etnik təfəkkür, qədim məşğuliyyət və həyat tərzindəki eyniliklərin yadigarıdır.

Areal toponimlər türk xalqlarının malik olduğu ictimai-siyasi və mədəni əlaqələrin qədim tarixindən və möhkəmliyindən xəbər verir.



1.Fahrettin Kırzıoğlu. Osmanlıların Kafkas ellerinin fethi (1451-1590), Ankara, 1998, s.147.

2. Şahbazov İ. Coğrafi adların xəritəsi,-“Elm və həyat”, 1979, №1, s.37.

 

Arzamas

      Arzamas şəhəri (Rusiya) Şamka çayının Teşi çayına (Oka çayının sol qolu) töküldüyü mənzərəli bir yerdə salınmışdır. Arzamas tarixən mordva tatarlarının məskənidir. Ad yerli mordvalıların tayfa adı olan “arza” və ya “erza” adı ilə bağlıdır. Ryazan yer adı da bu böyük tayfanın adı ilə əlaqədardır.1.

Arzamasın ərazisi XV əsrdən Rus dövlətinin (daha doğrusu, hələ Moskva knyazlığının) tərkibinə daxil edildisə də bu ərazilərə rusların geniş ayaq açmaları qalaların tikilib möhkəmləndirilməsilə XVI əsrdə başa çatdı.

XVI əsrdən başlayaraq Moskva çarı xüsusi inayət göstərdiyi boyarları istila olunmuş ərazilərdə, o cümlədən Arzamas qəzasında torpaqlarla mükafatlandırırdı.

     Məhz Kazan xanlığının istila olunub məhv edildiyi vaxtdan dərhal sonra, bu torpaqlara ruslar köçürüldü və yerli əhalinin xristianlaşdırılmasına başlanıldı.2.(Qeyd: İvan Qroznı Arzamas qalasını Kazan üzərinə üçüncü yürüşündə ələ keçirmişdi)

Arzamas artıq 1578-ci ildən rus şəhəri sayilmaqdadır; şəhəri dağıdılmış mordva-erza qalasının yerində salırdılar, o hələlik Moskva knyazlığının son hüdudunda dayanırdı. Bununla XVI əsrdə Bryansk-Tula-Arzamas xətti Moskva Rus dövlətinin sərhəddini təşkil edirdi.

1743-cü ildə tatarların, mordvalıların, marilərin, çuvaşların zorla xristianlaşdırmaya qarşı üsyanları başlandı. Missioner yepiskop D. Seçenevin tatarları xaçlama zamanı tətbiq etdiyi qəddarlıqlar əhalinin səbr kasasını doldurub daşıran damla oldu. Yerli xalqların gözləri önündə  qəbiristanlıqları sökülür, məscidlər dağıdılır, onların inanc yerləri, pirlər və s. müqəddəs  tapınma ocaqları murdarlanıb xaraba qoyulur, bununla bərabər müsəlmanların etiraz tədbirlərinə qarşı sərt inzibati tədbirlər görülürdü. Üsyan alovları Nijeqorod, Kazan mahallarını ağzını aldı.3.

Şəhərin gerbində qırmızı üçbucağın iti burnunun yaşıl üçbucaqla toqquşaraq durması qırmızının üstün vəziyyəti (o, gerbin yuxarısında təsvir olunmuşdur) Moskva dövlətinin islam üzərində qələbəsini göstərirdi. İdeya Pyotrun idi.

Tədqiqatçıların göstərdiyi kimi Maksim Qorkinin “Qorodok Okurov” povestində təsvir etdiyi tatarçılıq ənənələrinin parlaq təzahürü əks olunan şəhər Arzamas şəhəridir. Arzamas gənc Puşkinin də istifadə etdiyi ləqəb idi; o bu təxəllüsü “Arzamas” rus ədəbiyyatçıları cəmiyyətinin adından götürmüşdü.

Yurdumuzda Qazax rayonu ərazisində eradan əvvəl V-IV minilliklərə aid yaşayış yeri olan Arzamas təpəsi vardır. Beləliklə, həqiqətən qədim türklərin tayfa və qəbilələrinin tarixini, onların yaşayış tərzini, miqrasiyasını öyrənməkdə toponimlərin rolu böyükdür, fikrinə şərik olmamaq mümkün deyildir.



1.                 Очерки истории Арзамаса, Горький, 1981, с. 12

2.                 Энциклопедический Словарь Брокгауз и Ефрона. т.2, с.75

3.                 Татарский Энциклопедический Словарь, Казань, 1999, с.574



Astarxan. Həştərxan. Astraxan

 Müasir Astarxan Rusiyada vilayət mərkəzi və şəhərdir. Volqa çayının hər iki sahilində yerləşir. Astarxan Volqa-Kama hövzəsində ən iri çay və dəniz limanı sayılır.

Tarixən Aştarxan və ya Astarxan adlanan bu şəhər Volqanın sahilində indiki yerindən 12 km aralıda yerləşirdi. Karvan və su yollarının üzərində yerləşməsi səbəbilə tezliklə iri ticarət mərkəzinə çevrilmişdir.

Astarxan xanları Cuci Xanədanına mənsub idi; höküməti Şeybanilər sülaləsi idarə edirdi. Lakin 1395-ci ildə Terek döyüşündə Əmir Teymur Toxtamış xana qalib gəldi və zamanın axarı dəyişdi. Bu zəfər və məğlubiyyətlə Qızıl Orda dövlətinin beli bükülür. Uluq Məhəmmədin dövründə 1437-ci ildə Qızıl Orda parçalanır: şimalında Kazan xanlığı, 1441-ci ildə Kırım xanlığı, 1459-cu ildə Astarxan xanlığı yaranır. Bu tənəzzül və qarşıdurma zamanı Moskva knyazlığı 300 illik tarar qəyyumluğundan qurtulmuş oldu.

Rus dövləti qoşunları 1554-cü ildə Astarxana hücum edib xan Yağmurçanı devirib, (Yağmurça bundan sonra qaçıb noqayların Azaq qalasına gəldi, Osmanlı hökümətinə sığındı) onun yerinə IV İvanın vassallığını qəbul edən Dərviş Əli xanı qoydular. Dərviş Əli xandan da heç gözləri su içməyən ruslar 1556-cı ildə Astarxanı bir dəfəlik Rusa qatdılar. Müasir Astarxanın əsası 1558-ci ildə təpədə tikilən yeni qala ilə qoyulmuş oldu. Bu zamandan şəhərə və ətrafına rusların köçürülüb məskunlaşdırılmasına başlanıldı. Sovet vaxtı bu siyasət daha da gücləndirildi. Odur ki, bunun nəticəsi olaraq hazırda şəhərin əsas əhalisi ruslardan ibarətdir. Yerli tatarlar əhalinin 10 faizə qədərini təşkil edirlər. Artıq 17-ci əsrin ortalarına doğru Volqanın ağzında yerləşən Astarxan rus dövlətinin sərhəd qalalarrından biri sayılırdı. Astarxanın istilası ilə İdil (Volqa) boyunun Rus hakimiyyəti altina düşməsi, dünya ticarətinin ən işlək yollarından olan İpək yolunun şimal İpək yolu qolunun rusların əlinə keçməsi və Rusiyanın Qafqaz ilə Türküstan yönünə genişlənməsi uyğun bir ortam təşkil etdi.1.

          Beləliklə Astarxan XVI-XIX əsrlərdə Qafqazla, Orta Asiya , İran və Hindistanla ticarətdə mərkəz rolunu oynamaqla; həm də eləcədə Bakı neftini Rusiyaya nəql edən güclü liman funksiyasını daşımaqda idi.

N. Baskakovun göstərdiyinə görə Astarxan (bəzi mənbələrdə Rastarxan ) Xəzər xaqanının adıdır. Tarixdə Astarxan xaqanının 764-cü ildə Qafqaz ölkələrinə yürüşü məlumdur. As~ jas-türk nəsli adıdır. (Ras, as, ars, Aras) + Tarkan “titul”  sözlərindən yaranmışdır.2. Odur ki, Astarxan adı təsadüfən bənzəri səsləndiyi Həştərxan (Hacı Tərxan) adına nisbətən daha təbii təsir bağışlayır. As, az xalq adıdır deyə Malov yazır; “Tarxan” Orda dövlətində yüksək hərbi inzibati rütbə demək idi. Astarxan (As Tarxan ), yəni “Asların tarxanı” deyə Artamonov göstərir. 3. Özlərini as adlandıran tayfa vardır. Məlum olur ki,  Sarmat tayfası əslində Aslardan əmələ gəlmişdir. Bizim eranın əvvəllərində adlarını dəyişməli olmuşlar. 4. Tarixin səhifələrində bunun kimi və ya tam əksinə olan hallara təsadüf olunmaqdadır. Bəs onda Astara adının tərkibindəki as tayfasının adıdır mi? Düşündürücüdür. Lev Qumilyevin “Qədim tüklər”  kitabında (Bakı, 1993 s.183) bəhs etdiyi Ermitaj Dövlət muzeyində mühafizə edilən türk qvardiyaçı heykəlləri məhz Turfan yaxınlığındakı Astara kəndindəki sərdabədən (Sərdabə çin əyanına məxsusudur) tapılmışdır. XI-XII əsrə aid mənbələrdə Aş Tarxan ,Aj Tarxan şəkillərinə də rast gəlinir. Adın digər şəkli As Tarxan və ya Aş Tarxan) Həştərxan şəklinin bugün sabitləşməsinə yol açdı.



1.                 M. Sadık Bilge. Osmanlı devleti ve Kafkasya, İstanbul. Eren, 2005, s. 51

2.                 Н. Баскаков. Тюркская лексика в «Слово о полку Игореве» М.,Наука 1985, с.43

3.                 М.И. Артамонов. История Хазар, С.П-б.,  2001, с. 482

4.                 Уenə orada, s. 482



Aşlı. İndi Oşel

          Tatarıstanın Tetüş rayonuna aid olan bu qədim yaşayış məntəqəsinin adı rus dilinə adaptasiya nəticəsində taninmaz dərəcədə dəyişmişdir. Belə dəyişmələr Aş çayının adında (indi Oş) və bu çayın üzərindəki Aş adlı üç kəndin adında (İndi Oşa) və Əşnək ( indi Oşnyak) Kama çayının sağ qolu və Əştərə (Ştir) Tatarıstanın Arski rayonunda kənd adlarında özünü göstərir. Deməli, qədim tayfa adı olan Aş, sonradan rus sayağı dəyişmə nəticəsində Oş şəklinə çevrilmişdir. Çox şübhəsiz, Aş (As) tayfa adı və ya həmin tayfaya məxsus ölkə adını bildirən bu söz Aşlı (Oşel) ərazisində yaşayan Bulqar qəbiləsinin adı ilə bağlıdır.1 Tərkibində aş komponentli adlara Tatarıstandan hüdudlarından kənarda da rast gəlinir, Başqurdıstanın Belokatay rayonunda Aşit və Aşinski adında iki başqurd kəndi vardır. Mari Muxtar vilayətində Aşinski qəsəbəsi və Malaya Oşla çayı, eləcə də, Mokşa çayının qolu Oşla, Çını çayının ( Oka höfzəsində) qollarından biri Aşlı çayı adları, Çelyabinsk vilayətində Aşinski şəhəri, Zabaykalyedə Onon çayının sol qolu Aşinqa, Xocənd vilayətində Aşit qəsəbəsi, Başqurdıstanda 1781-ci ilə qədər adı Aşkadar olan (indi Sterli Tamaq) şəhər adları Aş (As) larla əlaqədardır.

          Eşnek adında İrəvan-Talin qəzasında nahiyyə olması sənədlərdə rast gəlinir.2. Ehtimal etmək olar ki, Kırımda Eşkene (indi Serovo), Aştaraq (Ermənistanda) adlarının da tərkibində Aş (As) hissəsi iştirak etmişdir.

          Türk toponimlərinin böyük bir qismi ruscaya uyğunlaşdırılmışdır ki, bu da yer adlarının mənşəyi və tarixi etimoloji şərhini, işlənməsini, həmçinin linqvistik araşdırmanın aparılması işini çətinləşdirir. Çünki rus dilinə uyğunlaşdırılıb dəyişən türk yer adları öz əslindən uzaqlaşaraq get-gedə şəkil və məzmun cəhətdən tanınmaz hala düşmüşdür.



1.                       Гарипова Ф.Г. Топографическое название Среднего Поволжья - Советская тюркология , 1992, № 5-6, с.35; Малов С. Е. Памятники древнетюркской письменности, М-Л ., 1951. с. 364

2.                       M. Fahrettin Kırzıoğlu. Osmanlilarin Kafkas ellerinin fethi (1451-1590), Ankara, 1998, s.348



Avaran, Aparan

          Avaran tarixi İrəvan xanlığında böyük mahal olmuşdur. Alagöz dağının şimal- şərqində, Pəmbək dağının isə şərqində böyük əraziləri əhatə edirdi. Qərbdən Şörəyel, şərqdən Dərəçiçək mahalları ilə həmsərhəd idi. Mahalın 39 kəndi olmuşdur ki, həmin kəndlərin hamısının adı türk mənşəli idi. Indi Ermənistanda inzibati rayon adı kimi (Aparan şəklində) saxlanılır. Sovet hakimiyyəti illərində Baş Abaran, 30-cu illərdən Abaran adlanmışdır. Rayonun kəndləri içərisində Abaran çayı üzərində də Abaran və Abaranoğlu kəndləri də var idi. 1. Ərazidən axan Abaran çayının (Araz hövzəsində çay mənbəyini Alagöz dağlarından götürür) adı sonradan Kasax adı ilə əvəz olunmuşdur. Bir sıra tarixi mənbələrdə o cümlədən tarixi bədii mətnlərdə də adı çəkilir: Abbas Mirzə Paskeviçin araba, çadırlar və qaladağıdan toplarla Avaran qalasını tutmaq üçün İrəvana tərəf hərəkət etdiyini eşitdi (Mirzə Yusif Qarabaği.”Tarixi-Safi”) Şəhərin və kəndin çayın, tarixi vilayətin adının qədim avarlarla (Abarlar) bağlı olduğu şübhəsizdir. Avar adı xazar, tatar, bulqar, suvar tayfalarının adı ilə bir sırada qədim türk etnosu sayılmaqdadır. “Avarların adı qədim Orxon yazılarında Apar şəklində işlədilmişdir.2. deyə Avropalı türkoloq Menges qeyd edir. Qədim rus mənbələrində “Avarlar öz silahları ilə məşhurdur”3. bu güclü tayfa Avropaya belə səs salmış; döyüşkən, qənimətcil jüanlara avarlar demişlər. Elmi fikir aləmində qədim və güclü tayfa olan Avarlar~Aparlar (Abarlar, abazlar) hun tayfa ittifaqına daxil olduqları, tarixən Don , Dunay və Xəzər boylarında məskun olmaları ilə, sonralar Bulqar, Xəzər və Peçeneqlərlə ittifaqa girməklə, onlar arasında nüfuza malik yer tutan qədim türk tayfası kimi xarakterizə olunur.

Fikrə qüvvət olaraq yekun şəklində onu çatdırmq istəyiik ki, müasir Ermənistanın qədim türk yer adlarının nəzərə çarpacaq qədər böyük bir hissəsini etnotoponimlər təşkil etmişdir. Vaxtilə boyük Azərbaycan dövlətinin qərb əraziləri sayılan bu torpaqlarda  Aparan adıyla bir sırada Qıpçaq, Qazaxlar, Qaraman, Qacar, Qarabağlar, Baharlı, Boz Doğan, Bayandır, Avşar, Təklə, Çaxırlı, Şidli, Çəpni, Kəngərli, Dəvəli, Dügərli və s. kimi yer adları qədim türk soylarının adlarını əks etmişlər.

Şəhərin qədim adı erməni müəlliflərində də olduğu kimi işlədilir: Göy buludsuz idi, lakin Abaran tərəfindən əsən soyuq külək, ulaya-ulaya daşlara çırpılır, yarpaqları xışıldadır və sanki dilə gəlib deyirdi: hər kəs başını qorusun.(Xaçatur Abovyan.”İlk məhəbbət”)

          

1.M.Fahrettin Kırzıoğlu.Osmanlıların Kafkas ellerinin fethi, s.327,349; İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri, Bakı, Elm, 2002, s.20, 125.

2.Менгес К.Г. Восточные элeмeнты в «Слове о полку Игореве», Л., Наука, 1979, с.42.

3.Баскаков Н.А. Тюркская лексика в «Слове о полку Игореве», М., 1985, c.126.



Türk hərb qalası Azak. Azov şəhəri.

        Azak türk qalası – indiki Rostov vilayətində(Rusiya), Don çayı sahilində liman şəhəri kimi tanınan Azovdur. Şəhərin adı dənizin adı ilə əlaqədardır.Vaxtilə Skiflər bu dənizə Karqaluk, ərəblər Bəhrəl-Azov, türklər Assak, venesiya kolonizatorları Tana dənizi, yaxın çərkəzlər Azoğ, kalmıklar Uzak demişlər.1. Qıpçaq və bulqarlarda Azaq(k) şəxs adına rast gəlinirdi. Məhz bu mənada dənizin tarixinin qıpçaq  xanı Azakın adı ilə bağlı olması və ya əksinə dənizin adının xanın adından doğması ehtimalı çox düşündürücüdür.

       Qara dənizin şimalında yerləşən qədim türk şəhəri Azakdan 1067 –ci ilə aid rus salnamələrində qıpçaq (türk) şəhəri kimi bəhs olunur. Övliya Çələbi “bu kədər şəhrinin” qalasının əvvəlcə balıq ovlamaq üçün nəzərdə tutulduğunu, get-gedə sağlam müdafiə qalası şəklinə düşdüyünü, indi gecə-gündüz kazaklarla və kalmık tatarları ilə şiddətli savaş etdiklərini göstərir. Artıq 13-14-cü əsrlərdə Azak möhtəşəm Qızıl  Orda şəhəridir. Çox əlverişli nöqtədə - Don çayı ağzına yaxın yerdə yerləşən Azakdan Avropanın Çinə gedən böyük ticarət yolu keçirdi.

Qızıl Orda ilə mübarizəyə qalxan Teymurləng 1395-ci ildə Toxtamış xanı məğlub edib, Azakı dağıdır. 1400-cü ildə genuyalılar bu şəhəri ticarət mərkəzi kimi bərpa edib ona Tana adı verirlər.Çox keçmir ki, vəziyyət dəyişir; 1471-ci ildən ondan yenilməz türk qalası Azak adı ilə tarix səhifələrində bəhs olunur. Hərbi qala kimi yenidən tikilən bu türk qalası 11 bürclü divarlarla kəmərlənmişdi. Fateh Sultan Məhəmməd vaxtilə “Azak kalası İstanbulun kilididir” deyə onun böyük strateji  əhəmiyyətini göstərmişdi.

... Əsr zaman-zaman irəliləməkdə idi. 1552-ci ildə Kazan, 1556-cı ildə Noqay və Astarxan xanlıqlarını məğlub edib onlara son qoyan IV İoann (İvan Qroznı) beləliklə, Xəzər dənizinin şimalına sahib oldu. Bundan sonra Baltik və Qara dəniz istila hədəfinə çevriləcəkdi. Belə olan halda Qara dənizə yol Kerç boğazı ilə bağlanan Azaka yiyələnməklə açıla bilərdi.”Azak rusların və kazakların Qara dənizə enmələrinə mane olan istehkam mövqeyində idi.” 2. İndi Qara dəniz uğrunda mübarizələrdə Azak dənizi və onun üzərindəki hərb qalalarını istila etmək başlıca vəzifə olaraq dururdu. Beləliklə, Rusiya və Türkiyə arasında sərhədlərə çevrilən, türk tarixçilərinin obrazlı olaraq bu həssas höqtəni “Osmanlı dövlətinin yumşaq qarnı”(Süleyman Kocabaş) adlandırdığı  Azak  Rus dövlətini düşündürməkdə idi.

Azaka ilk dəfə yad ayağı dəyir; kazaklar 1605-ci ilin sonunda uğur qazanır, onlar qalanı 112 gün əllərində saxlaya bilirlər. Azak qalasının hərbi komendantı Dost  Mühəmməd paşanı əsir alıb Moskvaya çar Yalançı Dmitriyə gətirirlər.=3. 1637-ci ildə yenə savaşqan Don kazakları Kırımdakı daxili (Xan ailəsindəki qardaşlararası) münaqişələrdən istifadə edərək Azakı tuturlar. Lakin Rusiyadan gözlədikləri kömək gəlmədiyindən türklərin qarşısında dayana bilmədilər; 1642 – ci ildə türklər Azak qalasını geri aldılar.

... Şimaldan qorxunc istilaların acı ruzigarı duyulmaqda idi. Pyotrla başlayan yeni qəsbkarlıq epoxasının fıttınaları yaxınlaşırdı. Qara dəniz 1693-cü ildən başlayaraq Pyotru ciddi olaraq maraqlandırmağa başlamışdı. Qara dənizinsə yolu Azakdan keçirdi. Pyotr gəmi inşaasına girişir, bu iş onun zehnini elə qaplayır ki, hərb işini – gəmiçiliyi möhkəm əsaslarla qurmaq üçün bu işə maraq göstərən 250 nəfər həvəskar əyanlardan ibarət bir kompaniya ona qoşularaq xaricə üz tutur. Pyotr adını dəyişir ki, onu bu yad ölkələrdə tanımasınlar. Nəhayət, 1695-ci ildə 31 minlik qoşunla səfərə çıxıb Azak qalasının altında dayanır.

Pyotr birinci Azov səfərində (1695) qalanı ala bilmədi. Bu uğursuz səfərdən Moskvaya əliboş qayıtmırdı, onun qoşununun önündə apardığı əsir türkə baxmağa bütün ğəhər əhalisi yollara yığışmışdı. Düz bir il sonra, 3 iyun 1696-cı ildə Pyotr 64 minlik qüvvəsilə Azak qalasını mühasirəyə aldı. Keçən ilki müharibədən sınıq düşən qalanın təmiri gecikmiş, qalanın bərpası başa çatmamışdı. Kırım xanlarının laqeydliyi özünü göstərdi: ərzaq çatışmazlığı da hiss olunurdu. Qalanın müdafiəsi də başdansovdu təşkil edilmişdi; nəzərə almaq lazımdır ki, 64 minlik rus gücünə qarşı qalada onu işğalçılardan qorumalı olacaq 4-5 yüz nəfərlik  qüvvə var idi. Keçən ilki mətanətli qala indi aciz görkəmdə idi. Beləliklə, Pyotr ikinci səfərində Don və Ukrayna kazaklarının böyük köməyi ilə (habelə qoşuna cəlb edilmiş yaxşı atıcı olan başqurd və mişarlardan ibarət çoxminlik ayrıca ordu bu səfərdə iştirak edirdi) 1696-cı il iyunun 19-da Azak qalasını aldı. Bu, Rusiyanın dəniz dövlətinə çevrilməsinin başlanğıcı oldu. Azak dənizinə və böyük sulara – Qara dənizə çıxmaq istəyən Pyotrun yolları açıq idi.

“Azak qalasının düşməsi İstanbulda böyük həyəcan yaratdı. Qalanı vaxtında təmir etməyənlər və imdada yetməyənlər edam edildilər... Azakın itirilməsi ilə Osmanlı dövlətinin Qara dəniz üzərində olan mütləq hakimiyyəti yara aldı.=4.

Azak boyu məntəqələrin, o cümlədən Azak şəhərinin dərhal xristianlaşdırılmasına başlanılır.Yenicə istila olunan Azakdan gələn 21 avqust 1696-cı ilə dair ilk poçt xəbərindən aydın olur: qaladakı məsciddən “Bojiya poxvala prisvyataya Boqoroditsı” kilsəsi, yenə digər məsciddən “Verxovnik apostol Petra i Pavla” kilsəsi tikilir.(bax: Zapiski İvana Afanasyeviç Jelyabujskoqo)

    Azak sonra 1711-ci ildə Pyotrun həmin ildəki müharibədə məğlubiyyətindən sonra Türkiyəyə qaytarılmışdısa da 1774-cü ildə birdəfəlik Rusiyaya keçmişdir. Bu vaxtdan dəniz kimi şəhərin də Azak adı dəyişdirilərək Azov adlanmışdı.

     

      1. Энциклопедический Словарь т.1, с.234.

      2. İslam Ansiklopedisi, 4 c., İstanbul, s.300

      3. Скрынников Р.Г. Самозванцы в России, М., Наука, 1987, с.170

      4. Süleyman Kocabaş. Çarlık Rusiyasının Azak denizi mücadelesi, TD Tarih dergisi,1992, № 66, s.33.