Hatıra yazılar

ŞƏXSIYYƏTLƏR. TALELƏR.

“TƏNHALIQ VÜQARIMI ƏYIR…”


      Xalq artisti Şəfiqə xanım Məmmədova ilə Bəstəkarlar İttifaqının binasında-keçmiş Muxtarov sarayında görüşməliydik. Binanın fasadını bəzəyən Fransa qotikasının daş əzəməti elə xaricdə qalır.İçəridə isə 70 ilin baxımsızlığı və sovet vandalizminin göz ağrıdan nəticələri…

Saysız-hesabsız idarələr, təşkilatlar yerləşən bu kaşanədə oturmağa bir yer tapmasaq da Şəfiqə xanım özü süslü-bəzəkli, sim-siyah zərif geyimdə həmin uzaq illərdən gəlibmiş kimi gərünür və bir anda narahatlığım yox olur. Sadəcə gəzişməyə qərar veririk.

Bu qadına baxıram, onun cilvəli ədaları keçdiyi böyük ömrün hərarətini, əsrarəngiz həyatın dalğalarını xəfifcə üzümə vurar kimi olur. İstəyirəm ki, deyəm ”Allah heç nəyini Sizdən əsirgəmədi…”Bəlkə baxışlarımdan bu an hər şeyi anlayır, toxdaq-toxdaq; ”Mənim sınıqlarım çoxdur, qızım. Bütün həyatım keşməkeşlər içində keçib, amma sənətim etibarlı oldu. Musiqi olmasaydı,çoxdan ölmüşdüm. Amma mən də hər şeyimi sənətəverdim, Taleyimi (oğlunu deyir\ tək qoydum. Sənətə bağlandım,özüm üçün heç yaşamadım. Yanvarda 75 yaşım oldu. Elə bilirəm, həyat yanımdan ötüb keçib, sanki heç yaşamamışam”- deyir.

Deməyinə belə deyir, amma biz  gəzişərkən, bağda oturarkən ona salam verənləri, üzünə-gözünə zillənən gülümsər baxışları gördükdə cox məmnun qalır. "Tənhalıqdan, təklikdən qorxuram, qızım,”deyir. Mən də qorxuram, əzizim Şəfiqə xanım. Amma ən çox yanımda adamlar ola-ola gördüyüm, duyduğum boşluqdan, heçlikdən qorxuram. Yaradıcı qadının tənhalığı çox zaman elə ailədən başlayır. Şəfiqə xanım nisgilli-nisgilli; Taleyin atası ilə bambaşqa adamlar idik. Aramıza həm də sənət  girdi.Şəfiqə xanım sənətdən insan,şəxsiyyət haqqında danışırmış kimi danışır. Aqronom idi.mənim sənətimi qəbul etmədi. Gəlir…mən də mahnı yazıram. Salamsız-kəlamsız şalvarımı niyə ütüləməmisən?. Belə-belə işlər…

      Bizim həyat tərzimiz budur xanım. İllər uzunu belə düşünmüşük;qadın həm musiqi bəstələməli, ya da ki, elmi axtarışlar aparmalı, əsərlər yaratmalı, sonra da döşlüyünü taxıb hər hansı aşpazdan da yaxşı yeməklər  bişirməlidir, handa bir paltaryuyandan da yaxşı kraxmallı dəşəkağıları sərməlidir. Şəfiqə xanımın gileyləri acı nisgilə dönüb qəlbimə sancılır”. Axı, Ankarada mənim zəhmətimin iki faizini çəkən sənətkarın öz xidmətçisi. öz maşını ola bilir.”Şəfiqə xanım heç Avropa demir,yaxın Ankaradan danışır. Söz yerinə düşdü,qoy deyim-bir türk filminə baxdım, bu film başdan-başa Şəfiqə xanımın “Bu ayrılıq nədən oldu?” mahnısının üzərində qurulmuşdu. Belə mahnıların elə-belə yaranmadığını bildiyimdən bu şərqi ilə bağlı bir sual məni bayaqdan yerimdən edirdi.”Şəfiqə xanım, bu mahnı necə yaranıb?” deyə maraqlı bir şey eşitmək ümidi ilı cavab gözləyirəm.

“1958-ci ildə Gəncə teatrında Bəxtiyar Vahabzadənin “Vicdan” tamaşası gedirdi.Mahnını həmin tamaşaya yazmışam”.Görünür, mənim belə cavabla təskinləşməyəcəyimi duyub ağır-ağır:”cavanlıq idi...sevilirdim...” deyə əlavə edir. Aranı sükut sarır. Yenə özü dillənir: qızım,yaşa doldum, amma hey fikirləşirəm ki, özümə şəxsi həyat qura bilmədim. Axı,şəhərin yarısı heyranım idi. İsti nəfəsim çatmadı.

                                          Doğrudur, insanlar mənə əl çalır,

                                          Ancaq səadətim yarımçıq qalır.

Aygünə bəstələdiyim mahnıdandır(Səməd Vurğunun “Aygün” poemasını nəzərdə tutur) bu sözlər “Tənhalıq” mahnısı da yazmışam Ənvər Çingizoğlunun sözlərinə

                                          Necə vurum başa mən,

                                          Bu sonsuz,qorxunc yolu?

                                 

                                           Təkcə necə daşıyım,

                                            Ürəyim dərdlə dolu.

Mən də onun ardınca çox sevdiyim və dilimdən heç düşməyən “Həsrətindən yandım oda” mahnısını zümzümə edirəm. 9-cu,10-cu siniflərdə oxuduğum illəri xatırladır mənə bu mahnı. Bu kənddən o kəndə oxumağa gedirdim, kəndimizdə orta məktəb yox idi. Sevdiyim mahnılar dilimdə oxuya-oxuya gedir, oxuya-oxuya qayıdırdım. Odur ki, o illərin mahnılarını eşidən tək o uzun, getməklə qurtarmayan yollar düşür yadıma: yazda zəmiarası, qışda qap-qara kollu-koslu çöllər...

Şəfiqə xanım xoşbəxt-xoşbəxt mənə baxır, məni özünə sıxır və üzümdənöpür. Ürəklənirəm, xahişimi dilə gətirirəm: sevgidən...sevginizdən danışın...Həyatda bir dəfə sevdim. 62-65-ci illər xoşbəxt illərimdir; ”qadın yaşı” yaşadım.

Açıq, səmimi söhbətiniz üçün çox sağ olun, Şəfiqə xanım. Amma bunları sonra deyirəm, evdə qeydlərimə baxarkən. Sadəcə ürəyimdən gələn minnətdarlıq üçün nə deyəcəyimi bilmirəm. Bu qadının alicənalığını qeyd etməyim bəlkə də yersizdir. Axı o ürəkdən ki, misra-misra şeir axır,musiqi daşlanıb tökülür, o ürək başqa cür vura bilərmi? Tez-tez xatirələrə dalır, yaxından tanıdığı, ünsiyyətdə olduğu böyük şəxsiyyətlərdən danışır. Üzeyir Hacıbəyovun adını çəkərkən əməlli-başlı kövrəlir. Riqqətlə: Üzeyir bəy mənə ”dağlar qızı” deyərdi. Həftədə üç dəfə konservatoriyada özünün mənimlə dərsi olurdu, təkbətək. Yüksək təqaüd alırdım. Üzeyir bəy öz maaşından mənə 50 manat verdirirmiş, amma tapşırıbmış ki,mənə deməsinlər. Bir gün artıq mən beşinci kursda idim, mühasibimiz Leyla xanım bunu mənə açıb göz yaşları içində dedi. Yenə ona görə dedi ki, Üzeyir bəy xəstə idi, bundan halı pərişan olan Leyla xanım belə anda bunu deməyi özünə borc bilmişdi.

Bütün insanların, o cümlədən böyük sənətkarların özlərinin də bacara bilmədiyi zəif cəhətləri olduğunu bilirdim. Bununla bağlı nəsə maraqlı bir şey eşitmək həvəsilə Şəfiqə xanımı söhbətə çəkirəm.Yenə tənhalıqdan, tənhalığından deyir. Birdən susur, daha pıçıltıya keçir və sanki birdən fikrin əsas məğzini tapıbmış kimi əlavə edir:”tənhalıq vüqarımı əyir...”Bu “göydəndüşmə” etirafın qabağında heç nə deyə bilmirəm. ”Kaş sənətimi duyan, mənə arxa duran,həyat yollarını mənimlə birgə gedən həyat yoldaşəm olaydı.Mənə “qorxma”, "fikir eləmə” deyən qəlb sirdaşım...Bax,qızım,indicə məni burada söhbətə tutan, görüşdüyünə görə sevinən,gülən qadın bax,elə sevgiylə də çıxıb getdi,qalmadı ki?Amma yoldaş heç yerə getmir.

-Şəfiqə xanım, mənim həyatımda sizin “Gözlərimin işığı sənsən” mahnınızın xüsusi yeri var... Bəstəkarın munis baxışları məni o hər sözümü mahı ilə dediyim illərə aparır.Məktəb illərində bu mahnını təkrar-təkrar oxuyar,yoruldum deməzdik.Qəlbən yaxın olduğum rəfiqəm (onunla səsimiz də tuturdu) məktəbi qurtarmaqla bizi gözləyən ayrılığa işarə ilə:nə zaman bu mahnı oxunsa məni xatırla,yaxşımı?-demişdi. Bu mahnını onunla o qədər qoşa oxumuşduq ki... Mahnının dəbdən düşməsinə baxmayaraq, 4-5 il əvvəl yenidən dilimə düşdü,yenə həmin həvəslə təkrar-təkrar oxudum. Özüm də bu yeni həvəsə heyran qala-qala. Sonra isə bir məktəb yoldaşıma rast gələrkən rəfiqəmin qəfil ölümünü mənə dedi. O unudulmuş mahnını oxumağa qəfil baş qaldıranhəvəsim və həmin uşaqlıq dostumun eyni vaxta düşən ölümü... Bəstəkar: hə,bu mahnını Bayram Bayramovun “Onun gözləri” radio-tamaşasına yazmışdım, deyə xatırlayır. Şahanə mahnılar bəstəçisi bu xanımım xatirələri işıldaböcəyin işıqları kimi sehirli və anidir:” Bir gün Bəxtiyar Vahabzadə zəng çaldı ki, ”Etiraf” poemasını yazıb vermişəm radioya. Ona musiqi yazmalısan...O zaman o mənim şairim idi. 50-dən çox şeirinə mahnı bəstələmişdim. Musiqini yazdım. Bəxtiyar özünəməxsus emosiya ilə: ay Şəfiqə, bu nə gözəl musiqidir, sən yazmısan? Ömrüm boyu həmişə düşünürdüm ki, poeziya musiqidən üstündür. Sonra da heyran - heyran:sən daha bundan gözəlini yaza bilməzsən, - dedi. Götürüb mənə bir kitabını bağışladı. Buradakı “Həyat, sən nə  şirinsən?”  şeiri məni tutdu. Şeir nəğmə üçün deyildi, amma mən onu nəğmələşdirdim. Bu mahnını Flora oxuyur. Mahnının onun qəlbinə çox yatdığını görüb dedim: bəs deyirdin, daha yaza bilmərəm? Şair gülərək: yox mən təslim, allahlıq edirsən, balam,-dedi. Belə şeylər çox olur. Uğurlu illərim, günlərim çox olu, çox-çox. Nəfəsini dərirmiş kimi: bəlkə mən xoşbəxt olsaydım, yazmazdım,- deyir.

Xoşbəxt olsaydım...Bəli, kimsədən mərhəmət ummadan, kimsənin mərhəmətinə sığınmadan yaşamaq, yaşamağı bacarmaq. Mümkünmü? Şəhərin mərkəzindəki illərcə yaşadığın, təbiri caizsə, şedevrlər yaratdığın mənzilini satıb ucuz evə köçdün ki, kimsədən pay ummayasan. ”Allah sağ gözü sol gözə möhtac  etməsin,” deyirsən həmişə. Amma bəs biz? Sən bu şərqiləri-mahnıları kimin üçün yazırdın-sərt könülləri yumşaldır, dərdli ürəkləri ovundururdun?

Çox vaxt ortaya çıxan, iddia qaldıran özü haqsızın haqsızı olur. Bir “aşıq” tanıyıram. Bu elin çayxanasından toyuna qədər çalıb, pulunu da alıb.Yəqin pulsuz çalıbsa bu elə öz uşağının toyu olar.Baxırsan, vur-hay prezident təqaüdü istəyir, əlləşir, çalışır. Yaxşı, hər yerə utanmadan elə “xidmət” yazırsan. Axı, bu bir növ pullu xidmətdir də, düzünü istəyirsənsə, nə bilim, çilingər kimi,dərzi  kimi, bənna kimi. Daha “prezident təqaüdü” nədir? Eldən, onun büdcəsindən nə istəyirsən? Həmişə xalqın cibini öz cibin bilmisən, özünə düzəltdiyin həyat, dəbdəbə, işləyən obyektlərin? Amma ecazkar musiqini bizə bəxş edən bu ecazkar qadının dünyasını mikrorayonun  birotaqlı “xruşşovka”sına necə sığışdırmaq olar? ...Şəfiqə xanımdan “fəhlə kimi işləyirsiniz, yoxsa ilhamın yolunu gözləyirsiniz?”-deyə sorduqda

"Yox, yox, hər şey ürəkdən gəlməlidir. Bir hal var e ... bəli, Üzeyir bəy demişkən, “gələndə”...Bax onda işləməyi xoşlayıram".

    Bir gün Süleyman Rəhimov zəng etdi ki, radio üçün “Gəlin qayası” əsərinin ədəbi kompozisiyası gedəcək, ona musiqi yaza bilərsənmi? Mən də əsərlə tanış olub “Yenə də ayrılıq... yenə də hicran...” mahnısını bəstələdim  Bundan bir neçə il keçmişdi ki, o mənə “Gəlin qayası”nın üzərində işləməyi tövsiyə etdi. Mən: Süleyman müəllim, opera mürəkkəb janrdır, mənim işim deyildir. Bu çox ciddi işdir. O mənə qulaq asdı, lakin “dur, mənimlə gedək mədəniyyət nazirliyinə” –dedi və əlavə etdi:”onda inanarsan ki, mən bu işi ciddi ölçüb-biçmişəm”.Nazirə (Rauf Hacıyev nəzərdə tutulur. -red.) müraciətlə: "Qoy bir azərbaycanlı qızı da opera yazsın”- dedi. Müqavilə işi də elə oradaca həll olundu. Mən də həvəslə opera yazmağa girişdim. Librettosunu İsgəndər Coşqun yazmışdı.

Şəfiqə xanım xüsusi prezident təqaüdü alır. Söhbətimiz boyu bu böyük inayəti dönə-dönə minnətdarlıqla yad edir. Amma bu bəstəçi xanıma rahat mənzil də lazımdır. Axı, pianonu necə mətbəxə sığışdırmaq olar? Könülləri-qəlbləri ofsunlayıb əsir edən o şahanə təranələri mətbəxə necə necə yaraşdırmaq olar? Axı, bu evdə iki gəzəl musiqiçi yaşayır, yaradır. Sizi bilmirəm, əziz  oxucum, mənim Taleyin barmaqlarının adi insan barmaqları olduğuna bəzən heç inana bilmirəm. Taleyin  əllərində soyuq, şirmayı piano dilləri daha çox kövrək, həssas nəğməkar ürəyə çevrilir. "Taley mənim öz taleyimdir. O mənim ilk tənqidçim, ilk dinləyicimdir. Çox zaman onun zövqü ilə hesablaşmalı oluram. Taleyin gözəl mahnıları var. ”Bu sevda”, "Belə qəmli dayanma”... 

İndi heç nə yazmıram, deyir Şəfiqə Axundova. Həyatım indi yalnız darıxmaqdan ibarətdir . Evə gəlirəm, bir ora, bir bura zəng edirəm. Sənət uğurlarım oldu, həyat uğurlarım gecikdi.

    Qadınlara sözünüz, Şəfiqə xanım, deyə heçə saatdan bəri müsahibim olmuş bu adilərdən adi, böyüklərdən böyük sənətkara son sualımı verirəm. Düşünmədən cavab verir: qadın sevgisiz yaşaya bilməz. Bu yaşımda o qoşa gəzənləri görəndə o qadına xoşbəxt deyirəm. Saçlarını oxşayan əl ki var...Qoy səadətlərinin, sevgilərinin qədrini bilsinlər. Mənim aləmimdə sevgi hər şeydən üstündür. Sənətdə də sevgim hər şeyi üstələdi: hər əsərimdə könül çırpıntıları, eşq, həsrət, hicran var.

    İnsana lazım olan şey bu imiş...Lakin onun bu qədər gərəkli olduğunu biliriksə və yaxud o Türkiyə filmində oxunan o ömür boyu sürəcək, -

                                Ayrı düşdüm sevgilimdən,

                                Ayrı düşdüm illərlə mən.

                                Yalnız səndən ayrı gəzən

                                Ürək deyil, bədən oldu

                      Fədakarlığı gözümüzü-könlümüzü sarmışsa və dilimizin dediklərinə qəlbimizi inandıra biliriksə...

                                                                         
1998